Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə yeniyetmələr arasında VI açıq respublika turniri keçirilmişdir

29 sentyabr 2018 | 16:00

Sentyabrın 29-da Şamaxı Olimpiya Mərkəzində Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə VI açıq respublika turniri keçirilmişdir.
   Turnirdən əvvəl Heydər Əliyev Mərkəzində Oleq Krapivinin anadan olmasının ildönümü münasibətilə onunla görüş keçirilmişdir.
   Əvvəlcə görüş iştirakçıları ulu öndər Heydər Əliyevin Şamaxının mərkəzində ucaldılmış abidəsini ziyarət edib və önünə gül dəstələri düzmüşlər.
   Çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova ölkəmizdə idmana göstərilən dövlət qayğısı və şamaxılı idmançıların qazandığı nailiyyətlər barədə danışmışdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idman siyasətinin hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran Gülnisə Ələkbərova Oleq Krapivinin idmanda qazandığı nailiyyətlərdən əlavə yüksək insani keyfiyyətləri barədə də məlumat vermişdir.
   Oleq Krapivinin yeni nəsil güləşçilərin yetişməsində xüsusi rol oynadığını diqqətə çatdıran Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov Şamaxıda güləşçilərin yaxşı hazırlıq keçməsi üçün hər cür şəraitin yaradıldığını vurğulamışdır. Bildirmişdir ki, ölkəmizdə digər sahələrdə olduğu kimi, idmanda, o cümlədən güləşdə inkişaf hiss olunur. Bütün bu uğurlar ölkədə aparılan uğurlu idman siyasətinin nəticəsidir. Respublikamız irimiqyaslı idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Bunlardan ilk Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını, Ümumdünya Şahmat Olimpiadası, Formula 1 yarışlarını misal göstərmək olar.
   Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev O.Krapivinin ölkədə güləşin inkişafı istiqamətində gördüyü işləri yüksək qiymətləndirmişdir. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını bildirən N.Abdullayev pəhləvanlarımızın beynəlxalq arenada yüksək səviyyədə çıxış etdiyini diqqətə çatdırmışdır.
   Digər çıxış edənlər də səbəbkarın yüksək insani keyfiyyətlərindən danışmış, onun həmişə güləşçilərin yanında olduğunu, idmanın bu növünün inkişafına töhfə verdiyini və onun şərəfinə həsr olunan turnirin təşkilinin artıq ənənəyə çevrildiyi söyləmişlər.
   Sonda O.Krapivin xoş sözlərə görə minnətdarlığını bildirmiş və həmişə ölkəmizdə idmanın inkişafında yaxından iştirak edəcəyini vurğulamışdır.
   Sonra turnirin açılış mərasimi keçirilmişdir. Mərasimdə Gənclər və İdman Nazirliyinin nümayəndəsi Tofiq Eyvazov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, Ukraynanın Olimpiya çempionu Elbrus Tedeyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Diasporla İş üzrə Dövlət Komitəsinin departament rəhbəri Ruslan Quliyev və veteran güləşçi Oleq Krapivin çıxış etmişlər.
   Çıxışlarda dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda dövlətin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğıdan danışılmışdır. Bildirilmişdir ki, bunun nəticəsində ölkəmiz mötəbər beynəlxalq yarışlara uğurla ev sahibliyi edir. İdmançılarımızın beynəlxalq arenada uğurla çıxış etdiyini bildirən natiqlər ölkəmizin Olimpiya hərəkatı, eləcə də idmanın inkişafı istiqamətində qazandığı nailiyyətlərdən bəhs etmişlər.
   Tədbirdə Azərbaycanda güləşin inkişafında Oleq Krapivinin mühüm xidmətləri bir daha diqqətə çatdırılmış, onun şərəfinə həsr olunan turnirin təşkilinin artıq ənənəyə çevrildiyi vurğulanmışdır. Qeyd edilmişdir ki, belə yarışlar istedadlı yeniyetmə güləşçilərin üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
   Sonda Oleq Krapivin Gənclər və İdman Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur.
   Açılış mərasiminin rəsmi hissəsi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başa çatmış və O.Krapivin yarışı açıq elan etmişdir.
   Turnirdə Azərbaycanla yanaşı, Rusiya, İran, Qazaxıstan, Qırğızıstan və Gürcüstandan 300-dək güləşçi birincilik uğrunda mübarizə aparır.
   İdman yarışına sentyabrın 30-da yekun vurulacaqdır.

Keçidlər