Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda miqrasiya qanunvericiliyinə dəyişikliklərlə bağlı maarifləndirmə tədbiri keçirilmişdir

25 iyul 2018 | 16:00

Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü ilə Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə üzvlərinin, səhiyyə və təhsil işçilərinin, turizm agentliyinin Şamaxı regional şöbəsinin, otel və istirahət mərkəzlərinin nümayəndələrinin, idarə və müəssisə rəhbərlərinin, hüquq-mühafizə orqanları əməkdaşlarının, ərazidə yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə miqrasiya sahəsində geniştərkibli maarifləndirmə tədbiri keçirilmişdir.

Rayon İcra Hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova tədbiri açaraq, miqrasiya sahəsində qanunvericiliyin qorunmasının zəruriliyini, bunun üçün qanunların və edilən dəyişiklərin öyrənilməsinin vacibliyini bildirmişdir.

Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsinin rəis müavini miqrasiya qanunvericiliyində edilən son əlavə və dəyişiklikləri iştirakçıların diqqətinə çatdırmışdır. Bildirmişdir ki, ölkədə miqrasiya proseslərinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə Miqrasiya Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının qanunları vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların vəziyyətinin yaxşılaşdırılmasına, məmnunluqlarının artırılmasına, rahatlıqlarının təmin edilməsinə, şəffaflığa, ölkə ərazisində ailə bağlılığı və işgüzar əlaqələri olan əcnəbilərin öz hüquqlarından sərbəst istifadəsinə xidmət edir.

Tədbir iştirakçılarına Ağsu regional miqrasiya idarəsinin əməkdaşları tərəfindən hazırlanan videoslaydlardan istifadə etməklə miqrasiya qanunvericiliyinə olunan əlavə və dəyişikliklərlə bağlı ətraflı məlumat verilmişdir.

Maarifləndirmə tədbirində iştirakçıları maraqlandıran suallar idarə əməkdaşları tərəfindən cavablandırılmışdır. Tədbirin sonunda 6 şəxsə səyyar xidmət göstərilmişdir.

Keçidlər