Şriftin ölçüsü :

Saytın rəngi :

“Sabir poeziya günləri” Şamaxıda davam edir

31 may 2018 | 16:00

Mayın 30-da Şamaxıda “Sabir poeziya günləri” çərçivəsində ənənəvi tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, “Sabir poeziya günləri” təşkilat komitəsinin sədri Əjdər Ol, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, əməkdar artist Ağalar Bayramov və respublikanın digər tanınmış şair və yazıçıları, rəssamları, həmçinin, TÜRKSOY-un xətti ilə Türkiyədən gəlmiş qonaqlar iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər çiçəklər düzmüşlər. Daha sonra M.Ə.Sabirin və S.Ə.Şirvaninin qəbirüstü abidələri ziyarət edildikdən sonra tədbir Mədəniyyət Mərkəzində davam etmişdir.

Tədbiri giriş sözü ilə şair Əjdər Ol açmış, bu bayramın tarixindən, əhəmiyyətindən, şairin keçdiyi çətin həyat yolundan, yaradıcılığından və ömür yolunun müxtəlif məqamlarına toxunaraq onun satiralarını müsəlman Şərqində bir intibah, oyanış kimi qiymətləndirmiş, Sabir poeziyasının ölməzliyini, bənzərsiz söz ustadının bir çox fikirlərinin hər zaman aktual olduğunu diqqətə çatdırmış, onun şeirlərinin Azərbaycan ədəbiyyatında mühüm yer tutduğunu vurğulamışdır.

Daha sonra Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək Sabir poeziya bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndəsi olan Mirzə Ələkbər Sabirə göstərilən dövlət qayğısından, ustad sənətkara olan sonsuz ehtiramdan söz açmışdır.

Sonra çıxış edən AYB-nin sədri, xalq yazıçısı Anar 1961-ci ildən başlayaraq hər il şairin doğum günündə keçirilən “Sabir poeziya günləri”nin əhəmiyyətindən danışmış, Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndəsi Mirzə Ələkbər Sabirə xalq məhəbbətindən söz açmış, Sabirin damarlarında azərbaycanlı qanı axan hər bir vətəndaşımız üçün əbədi qürur mənbəyi olduğunu vurğulamışdır.

Tədbirdə AYB-nin katibi Rəşad Məcid, AYB-nin məsul əməkdaşı Xəyal Rza, Türkiyədən olan şair və yazıçılar çıxış edərək bu il 8-ci dəfə keçirilən “Şairlər günü”nün əhəmiyyətindən danışmış, belə tədbirlərin Türk dünyasının böyük şəxsiyyətləri, şair və yazıçılarının bütün türk ölkələrində qarşılıqlı tanınmasına, türk birliyinin daha da mühkəmləndirilməsində müstəsna xidmətləri olduğunu bildirmişlər.

Tədbirdə qiraət ustası, əməkdar artist Ağalar Bayramov şairin şeirlərini səsləndirmiş, aşıq Ağamurad Şirvanlının ifasında aşıq mahnıları, xanəndə Habil Şıxəliyevin ifasında muğam və xalq mahnıları səsləndirilmişdir.

Keçidlər