Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonunda Çernobıl faciəsinin 32 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

26 aprel 2018 | 16:00

 

Aprelin 26-da Şamaxı rayonunda Çernobıl faciəsinin 32 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova, Çernobıl əlililəri və faciədə həlak olanların ailə üzvləri iştirak etmişlər.

İştirakçılar əvvəlcə Ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzmüşlər.

Heydər Əliyev Mərkəzində davam etdirilmiş tədbirdə Çernobıl faciəsi qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Çernobıl faciəsindən, onun fəsadlarından və faciənin aradan qaldırılmasında iştirak etmiş Azərbaycan vətəndaşlarından danışılmışdır. Bildirilmişdir ki, dünya nüvə energetikası tarixində ən dəhşətli qəza XX əsrdə, 26 aprel 1986-cı ildə baş vermişdir. Qəzada Çernobıl AES-nin dördüncü blokunun tam sıradan çıxması nəticəsində radioaktiv maddələrin havaya atılması səbəbindən ətraf mühitə ciddi ziyan dəymiş və nəticədə bu hal insanlar üçün böyük bir təhlükə mənbəyinə çevrilmişdir.

Fəlakətin qarşısının alınmasında respublikamızdan əsasən gənclərdən ibarət 7000 nəfərdən çox vətəndaşın cəlb olunduğu, onlardan 2500 nəfərdən çoxunun yüksək şüalanma nəticəsində dünyasını dəyişdiyi, digərlərinin isə ömürlük əlil olduqları qeyd edilmişdir. Həmçinin bildirilmişdir ki, faciənin qarşısının alınmasında xidməti olmuş şəxslərin ən dəhşətli faciəsi onların qəzadan sonra dünyaya yeni göz açmış övladları olmuşdur. Nə qədər ağır olsa da, bu həqiqətdir ki, neçə-neçə yeni doğulan uşaqlar tələf olmuş, yüzlərlə “çernobılçı” övladları bu gün də atanın çəkdiyi o ağırlı-acılı yükü öz çiyinlərində çəkməyə məhkumdurlar.

Çernobıl Əlilləri Cəmiyyətinin Şamaxı rayon təşkilatının sədri Tahir Məmmədov, Çernobıl əlilləri çıxış edərək faciədə zərərçəkmiş şəxslərə əsl qayğı və diqqətin məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra olduğunu qeyd etmişlər. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisi “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi” haqqında Qanun qəbul etmişdir. Həmin Qanuna və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fərman və sərəncamlarına uyğun olaraq sosial sahədə həyata keçirilən tədbirlər Çernobıl əlillərinin həyatının yaxşılaşdırılması istiqamətində mühüm rol oynamışdır.

Çıxış edənlər torpağlarmızın azadlığı uğrunda Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə hər an döyüşə hazır olduqlarını xüsusi vurğulamışlar.

Tədbir nahar süfrəsi arxasında davam etdirilmişdir.

Keçidlər