Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxılı bərpaçı-rəssam Bəybala Qarayevin 70 illik yubileyi qeyd edilmişdir

22 dekabr 2017 | 16:00

        Şamaxı rayon Mədəniyyət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının üzvü, bərpaçı-rəssam Bəybala Qarayevin əsərlərindən ibarət sərgi və anadan olmasının 70 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Rəfail Tağızadə iştirakçıları salamlayaraq yubilyarın yaradıcılıq yolu barədə ətraflı məlumatlar vermişdir.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova yubiley münasibətilə rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş fəxri fərman ilə rəssamı təbrik etmiş, ona fəaliyyətində uğurlar arzulamışdır.
Sonra çıxış edən İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov yubilyarı təbrik edərək onun kimi sənəti yaşadanların ürəklərdə daim yaşayacağını vurğulamışdır.
Tədbirdə yubilyarın sənət dostları çıxış edərək rəsmləri və nümunəvi həyatı ilə insanların qəlbində özünə yer edən Bəybala Qarayevin rəssamlıq sənətinə verdiyi töhfələrdən, onun əsərlərinin mövzu müxtəlifliyindən danışmış, ona gələcək fəaliyyətində və şəxsi həyatında ən xoş arzularını çatdırmışlar.
Çıxışlarda rəssamın Şamaxıda mədəniyyət sahələrinin bir çoxunda ilkə imzasını atdığı qeyd olunmuşdur. Bildirilmişdir ki, Bəybala Qarayev 1974-cü ildə ilk dəfə olaraq rayonda rəssamlıq emalatxanası yaratmış, 1977-ci ildə ilk dəfə olaraq Şamaxıda respublika səviyyəli xalça sərgisi açmış, ilk dəfə olaraq rəssamlıq və rəqs dərnəkləri yaratmışdır. Həmçinin, müxtəlif illərdə onlarla beynəlxalq sərgi və baxış müsabiqələrin qalibi olmuş, diplom, fəxri fərman və medallarla təltif olunmuş Bəybala Qarayevin Respublika  Rəssamlar  İttifaqının üzvü olduğu qeyd edilmişdir.
Sonda bərpaçı-rəssam Bəybala Qarayev yaradıcılıq planlarından danışaraq əməyinə verilən yüksək qiymətə görə Dövlətimizə, tədbirin təşkilatçılarına və sənət dostlarına minnətdarlığını bildirmişdir.

Keçidlər